1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin, Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Erməni vəhşilərinin fiziki və mənəvi işgəncələri qarşısında xocalıların dözüm və iradəsi, həmçinin tale yoldaşlarına köməklikləri insanı heyrətə gətirir. Onlar ölüm ayağında, dar gündə də bir-birinə kömək olmuşlar.
Bu yazıda Xocalı soyqırımı şahidlərinin, erməni əsirliyində olmuş soydaşlarımızın faciəli günlərdə öz həmyerlilərinə, onlarla eyni aqibəti yaşayan insanlara etdikləri köməkliklərin bəzilərini qələmə almışam. Yazının hazırlanmasında “Xocalının səsi” qəzetinə müsahibələrdən və digər mənbələrdən istifadə etmişəm.
1991-ci ilin oktyabr ayından Xocalı şəhəri blokadada olan müddətdə xocalılar bir-birinə dəstək olur, şəhərin müdafiəsini təşkil edirdilər. Ermənilərə və onun havadalarına qarşı layiqli mübarizə aparan Xocalının özünümüdafiə dəstəsi daha çox mülki əhalinin qətlə yetirilməsinin qarşısını aldı. Xocalılar düşmən çəmbəri ilə əhatə olunan zaman, soyqırım günündə və didərginlik vaxtlarında öz həmyerliləri üçün fədakarlıqlar ediblər. Əsirlik həyatı yaşayan insanlar bir-birini müdafiə etmiş, yoldaşlarının düşmən zindanında daha çox işgəncələr görməməsi üçün hətta əvəzində özlərinə işgəncələr verilməsini istəmişlər. Müdhiş gecədə Qarqarçaydan qocaları, uşaqları, taqəti olmayanları çayın o tayına keçirən zaman doğmalarından aralı düşənlər oldu. Meşədə qalan taqətsiz insanlar, əsirlikdə amansız işgəncələr görənlər öz canlarını düşündükləri qədər, başqalarının da həyatını düşünürdülər.
Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizdə, həyatımızda, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, inkişafında və formalaşmasında əvəzsiz rol oynamışlar. Xocalı soyqırımında qadınlarımızın hünəri, sədaqəti, öz namusu ilə bərabər soydaşlarının həyatını qorumaları üçün etdikləri fədakarlıqlar Azərbaycan qadınının mərdliyinin, əqidəsinin, millətə məhəbbətinin təzahürüdür. Qarlı-çovğunlu, yolsuz meşədə dayanmadan ağlayan 6 aylıq Salatın adlı qızını boğan Müşkülat adlı gəlin qohum-qonşular ələ keçmə-sin deyə, yeganə körpəsinə qıymışdı. Qundağdakı körpəsini atmayan ana ermənilərin səsi gələn ərazidən xeyli uzaqlaşandan sonra Salatının nəfəs aldığını görür. Taleyin oyununa bax ki, uşaq yenidən dirilmişdir.
Türkiyəli operator Ağası Hunun Qaraqayada çəkdiyi kadrlarda görünən - kürəyində 1 yaş 8 aylıq körpəsini və ayağından mərmi yarası alan bacısı qızını zülmlə ölümün ayağından çıxaran Süleymanova Cəmilə Əhməd qızı “Xocalının səsi” qəzetinə müsahibəsində deyir ki, Qaraqayada ermənilər bizi gülləbaran edirdi. Hamımız arxası üstə kolun arxasında qarın üstünə uzanıqlı qalmışdıq. Qaladərəsində yaşayan Həsrət xalanın bir aylıq nəvəsi də bizimlə idi. Onun atasını, anasını qətlə yetirmişdilər. Uşaq elə ağlayırdı ki, səsi insanı dəhşətə gətirirdi. Bu zaman öz övladım gözlərimin önünə gəlirdi. Həmin vaxtı övladımın birini itirmişdim. Yəni onun necə olduğundan xəbərim yox idi. Hamı deyirdi ki, o ağlayan uşağın səsini kəsin. Həsrət xala və nəvəsi məndən bir az yuxarıda idi. Həsrət xalaya əlimlə işarə edərək uşağın acından ağladığını başa saldım və yanıma göndərməyini bildirdim. Mən uşağa ana südü verəndən sonra o, sakitləşdi.
Xocalı qadınının Cəmilə Süleymanovanın timsalında analıq hissi yüksək səviyyədə nümayiş olunur. Əgər Cəmilə ana həmin uşağı öz südü ilə qidalandırmasaydı, həm uşaq acından ölə bilərdi, həm də ermənilər uşağın səsinə kolluqların arxasında gizlənmiş insanları tapa bilərdi.
Azərbaycan kişisi və qadını hər zaman ailəyə böyük dəyər verib. Xocalı soyqırımında əsirlikdə olan kişi və qadınların öz ailə üzvlərini, eyni zamanda qız və gəlinlərimizin ismətini qorumaq üçün düşmən əlinə keçməsindən, onların ölməsini daha üstün tutublar. Əsirlikdə olan qız və gəlinləri erməni təcavüzündan qorumaq üçün qadınlarımız qızların üzünü eybəcər hala salıblar. Azərbaycan qadınının ana məhəbbəti, düşmənə sonsuz nifrəti Xocalı soyqırımında sanki onlar üçün mənəvi gücə çevrilmişdir.
Erməni əsirliyində olmuş Rahilə Hacıyeva deyir: “Qızımın qışqırığına ermənilər bizim yerimizi tapdı. Bizi aşağı mərtəbəyə endirdilər. Orada 20-yə qədər erməni saqqallıları Alxanı bərk döyməyə başladılar. Alxanı ölüm gözləyirdi. Onu yerdə təpikləyirdilər, avtomatla vururdular. Alxanın üzünün qanını yoldaşı Fatiməyə təmizlətdirir və yenidən döyürdülər. Alxan ölümünə az qalmış erməninin birinin əlindən tutaraq dayanmağını istədi. Əlinin arxası ilə üzünün qanını sildikdən sonra, mənə imkan verin, o qadına sözüm var dedi. Alxan əzab içində mənə baxaraq dedi: - Rahilə bacı, məni bağışla. Sizə kömək edə bilməsəm də, ayrı sözüm var. Vidadi gəlməyəcək. Vidadi məndən düşmən əlinə keçməyəsiniz deyə sizi öldürməyimi xahiş etmişdi. Ancaq siz 9 nəfər olduğunuzdan bir qərar verə bilmədim. O, cibindən 6 ədəd gülləni çıxardıb yerə tulladı. Hiss olunurdu ki, Alxanı düşmənin vurduğu zərbələrin ağrısından çox, Vidadiyə verdiyi sözü yerinə yetirə bilməməsi, düşmənə əsir olduğumuz üçün mənəvi ağrılar incidirdi.
Baldızımı və orada olan iki qızı yatağın altında gizlətdim. Bəlkə də 100-150 nəfər qadın var idi. Hamısı bir-birinin qucağında oturmuşdu. Yatağın qarşısında oturmuşduq ki, qızları çıxartmasınlar.
Erməninin biri içəri girib qışqıraraq Vidadinin bacısı kimdir deyə soruşdu. Qardaşı onu yanına çağırır dedi. Baldızımın da adı Rahilə idi. Rahilə başını yatağın altından çıxartmaq istəsə də, ayağımla onu geri itəliyirdim. Mən həmin erməniyə Rahiləni başqa bir erməninin apardığını dedim. O, hirsli-hirsli bayıra çıxdı.
Orada qadınlar qızlarımızın üzünü eybəcər hala salırdılar. Gənc qadınlar üzlərini şalla bağlayırdılar ki, onların sifətini ermənilər görməsinlər.”
“8 gün erməni zindanında kitabı”nın müəllifi Dürdanə Ağayeva əsirlikdə ağlasığmaz işgəncələrə məruz qalıb. Dürdanə xanım əsirlərin dəyişdirilməsi zamanı ermənilərdən onun öldürülməsini, ancaq qardaşı Elşadın buraxılmasını istəyib. O, müsahibələrinin birində deyir ki, Elşad gətirilən zaman ermənilərdən biri böyrümdən təpik vurub məni yerə yıxdı və söyməyə başladı. Ona şükür edirəm ki, Elşadın gözü önündə məni alçaltmadılar. Bu günün özündə də o günləri xatırlayanda ona sevinirəm.
“Azərbaycan Bayrağı” ordenli, “Əməkdar həkim” fəxri adına layiq görülmüş Məmməd Nağıyev xocalılar üçün əziz insandır. Xocalı yerli özünümüdafiə batalyonunda könüllü olaraq xidmət rəisi kimi fəaliyyət göstərib. Məmməd Nağıyev deyir ki, çox əzab - əziyyətlərdən sonra fevral ayının 27-də Dəhraz kəndi yaxınlığında ermənilərlə qarşılaşdıq, atışma başladı. Yaxındakı dərəyə doluşduq, buradan əks tərəfdəki meşəyə keçməyə başladıq. Bu zaman məndən öndə anası ilə gedən 10 yaşlı uşağı vurub yaraladılar. Mən uşağın yarasını sarımaq üçün ona tərəf süründükdə ermənilərin atdığı güllə başımdakı papağın qaşını deşib keçdi, buna baxmayaraq, bir az gözləyib yenidən uşağa doğru sürünüb onun yarasını sarıdım. Atəş artıq kəsilmişdi. Belə ki, bizim dəstədəkilər atışmanın mənasız olduğunu görüb təslim olduqlarını bildirmişdilər. Həmin vaxt mən onlardan aralandığımdan - bu vaxt 2 nəfər avtomatlı da məni gözləyirdi və deyirdilər ki, həkim, gəl gedək. İstəsəm çıxıb gedə bilərdim, lakin bir tərəfdən yaralı uşaq, digər tərəfdən bir o qədər qadının, uşağın, qocanın əsir düşməsini və onların içərisində neçə-neçə yaralının, əli-ayağı donmuşların olduğunu nəzərə alıb, mənə elə gəldi ki, onları bu vəziyyətdə qoyub getməyə mənim mənəvi haqqım yoxdur. Ona görə də yaralı uşağı götürüb camaatın yanına qayıtdım.
Məmməd həkimlə birlikdə əsirlikdə olan xocalılar onu qorumağa çalışmış, əsirlikdən xilas olmasına köməklik etmişlər. 87 yaşlı Xocalı soyqırımı şahidi, şəhid atası İsbəndiyarov Hümbət Əsgər oğlu deyir ki, əsirlikdə kimin əynində hərbi geyim var idisə, onlara daha çox işgəncələr verirdilər. Məmməd həkimin hərbi geyimini alıb parçaladım. Övladımın evdən gətirdiyim paltarını ona verdim. Allahverənin oğlunun da şalvarını alıb yandırdım. Hümbət İsbəndiyarov əsirlikdə yaxınlarından uzaq düşən 11 yaşlı uşağı Gülablıya qədər aparıb milisə təhvil verib. Ayaqları don vuran qızını apara bilmək üçün ermənilərdən el həkimi Məmməd həkimin ona kömək etməsini istəyib. O, Məmməd həkimlə birlikdə qızını yun örtüyün arasında Gülablıya qədər gətirib.
Xocalı soyqırımı şahidi, erməni əsirliyində olmuş Arif Əhmədov Məmməd həkimin sücaətindən, həm həkim, həm də insani keyfiyyətlərindən danışır. Arif Əhmədov “Xocalının səsi” qəzetinə danışdıqlarında qeyd edir ki, ermənilər Məmməd həkimdən hətta yaralı ermənilərə kömək etməsini istəyirdilər. Ona deyirdilər ki, əgər bizim yaralımız ölsə, əsirlərdən bir neçə nəfəri güllələyəcəyik. Hippokrat andını yerinə yetirən həkim əvəzində spirt, tənzif gətirib əsirlərin yaralarını sarıyırdı. Məmməd həkimin əli dondan tutmurdu, dişləri ilə baldızım Gülxarın ayaqlarının dərisini soydu. Əsirlərin arasından 35 nəfəri seçib apararkən Məmməd həkimi də aparmaq istəyirdilər. Matan xala ermənilərə dedi ki, üç oğlumu aparmısınız, heç olmasa bu həkimi mənə bağışlayın.
Məmməd həkimin mənəvi borcunu qaytarmaq üçün əsirlərin çətin məqamda məntiqli qərarları insanı düşündürür.
27 gün erməni əsirliyində olmuş Valeh Hüseynovun yaşlı insanlar üçün etdiyi kömək onun timsalında ağsaqqal və ağbirçəklərə qoyulan böyük hörmətdir. Valeh Hüseynov deyir ki, onunla birlikdə əsirlikdə olan Məhəmməd kişi yerdə uzanıqlı, yaralı vəziyyətdə su istəyirdi. Mən onun halına dözə bilmədim, bir təhər dəmir qapını ayaqlarımla döydüm. Qapı açılanda ermənilərdən yaşlı insanlara su vermələrini istədim. Onlar içəri girdilər və məni yenidən döyüb çıxdılar. Bir neçə dəqiqədən sonra gəlib məndən soruşdular ki, əgər istəyirsənsə onlara su verək, onda ica-zə ver səni öz xoşunla döyək. Mən razılaşdım. Bunu Məhəmməd kişi bilmədi. Ələmdar kişi bildi və çalışdı ki, məni fikrimdən yayındırsın. Ancaq qərarımı vermişdim. Məni çölə çıxarıb döydülər, onlara su verdilər.
Zülfü Süleymanov “Xocalının səsi” qəzetinə müsahibəsində deyir ki, əsirlikdə ermənilər içəri girib dedilər ki, kimin uşağı varsa bir tərəfə, subay kişilər isə bir tərəfə keçsin. Mənimlə əsirlikdə olan qonşum Əlövsətin 3 uşağı var idi. Uşağın birini özü, birini yoldaşı, oğlu Anarı da mən yanıma aldım. Onu belimə bağlayıb cərgədə dayandım. Bu məqamda üstü örtülü Kamaz maşını gəldi. Subay kişiləri, ağsaqqalları, cavanları Kamaza yığıb apardılar. Onları hara apardılar bizim xəbərimiz olmadı.
Düşmən əhatəsində ac-susuz, işgəncələr görmüş, taqətdən düşmüş vəziyyətdə ani qərar verərək əsir yoldaşlarını xilas etmək böyük mənəvi güc və cəsarət tələb edir. Xocalıların sədaqəti, həmrəyliyi, fədakarlığı haqqında çoxlu nümunələr göstərmək olar.
Xocalıların doğma torpağa bağlılığı yüzlərlə şəhid verməsi ilə ifadə oluna bilər. Şəhid və qəhrəman şəhərin sakinlərinin hünəri haqqında çoxlu sayda kitablar yazılmışdır.
Fevral ayında xocalılar toy mərasimi qurmurlar. Çünki hər il fevral ayı gələndə bəşər tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının ağrısı ürəklərdə daha da şiddətlənir.
Bu gün də xocalılar həmrəydirlər, eyni zamanda dövlətə və dövlətçiliyə sədaqət göstərirlər. Xocalı rayon sakinləri Respublikamızın 50-dən çox şəhər və rayonunda müvəqqəti məskunlaşsalar da, onlar qohum-əqrabalarını, yaxınlarını axtarır, bir-birinə mənəvi dayaq olurlar.
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin redaktoru,